Fəlsəfə “bazarı”,cari Allahlar və iblis.

  • 14
  • /
  • 9-10-2018, 16:12


"Ailə fəal əsasdır. O, heç vaxt dəyişilməz qalmır. Cəmiyyət aşağı formadan yuxarı formaya inkişaf etdikcə, o da aşağı pillədən yuxarı pilləyə keçir"

 Bu fikir Engelsə aiddir. Mən ona, Marksizmə verdiyi töhvələrdən dolayı "yarım-Marks" deməyi də tərcih edirəm. Və həmçinin Marksın özünü saymasaq ilk marksist.

 Fəal əsas dedikdə Engelsin nəzərdə tutduğu - daim dəyişən(ki,dəyişilən desək daha doğru olar), yenilənən, hərəkətdə olan və əsla sabit,const olmayan. Bu özəlliklər nələrə aiddir sualına hər şey'dən başqa cavab vermək yaxud axtarmaq mənə görə axmaqlıq, düşüncəsizlik olardı.

 Bu düşüncənin əkizinə biz fəlsəfənin ən dərin layında - yunan fəlsəfəsində- də təsadüf edə bilərik. Daha dəqiq olaraq Miladdan Öncə 535-475 illər aralığında ömür serən Heraklitdə. Əldə olan faktlara söykənsək aşağıdakı fikrin müəllif hüquqları ona aiddir. "Dəyişməyən tək şey yalnız dəyişimin özüdür"

Və bu hərəkətlənmə təbiətin hər sahəsinə nüfuz edib,hər yerdə vardır. Bu zaman təbiətdə həmçinin cəmiyyətdə hər şeyin bir-birinə QIRILMAZ bağlarla düyümlü olduğu qənaətinə çox rahat gələ bilərik. Proseslər pərçimlənmiş durumdadır və bir baxıma onlar arasında "əqrəbalıq" var. Yəni, bir predmetin qavranılması ümumidən ayrılmış, izolyasiya olunmuş şəkildə, "vakuum" da düzgün formada baş verməz,verə bilməz.  

Qavramaq,mənimsəmək anlamaqdan keçir. Mərhələlərin ardıcıllıq və sıralaması bu şəkildədir. Anlamaq özü isə müəyyən mənada "beynəlmiləl"səciyyə daşıyır. Hər bölmə üçün o vardır, bir baxıma ümumişləkdir.

Məsələn; canlıların anlaşılması - biologiya; maddələr - kimya; fiziki qanunauyğunluqlar - fizila və s.və i.a Ancaq bir də ən mühümü, ən əhəmiyyətlisi var. Dünyanı anlamaq - …

Bu işə kobud üslubda desək fəlsəfə "baxır". Filosoflar müvafiq görüşləri yaradır, təkminləşdirir, hətta bəzən yeri gəldikdə bəziləri onu zədələyib yaralaya da bilir.  

İnsan həyatı,cəmiyyətdəki rolu,vəzifələri, hüquqları,münasibətləri və neçə-neçə sonu gəlməz sairələr. Bütün bu və oxşar problemlər yanlız fəlsəfənin maraq dairəsinə daxildir. Ancaq biz hələlik fəlsəfi olmayan, ümumi və standart insan həyatına ötəri də olsa nəzər salaq.
O kənardan baxdıqda,bütöv ələ aldıqda belə bir görkəmdə keçir. Fərd doğulur, öyrənir, yaşayır, nəzəri bazasına əlavələr edir, praktikada da həmçinin. Və son.. Son hamıda oxşardır, ölüm qlobal bir prosesdir, mütləqdir. Və bu mütləqə (ölümə) qarşı verilən mücadələ də bildiyimiz həyatın özüdür.

Bu yaşam əsnasında isə insan təkrarən “doğulur”, bir neçə dəfə,yenə və yenə. Bu doğulmalar artıq düşüncə səviyyəsində gerçəkləşir, fəlsəfi səciyyə daşıyır. Habelə elə bunun nəticəsidir ki, şəxs həyatı boyunca bir çox şeyə maraqlıdır,acdır və hətta bəzən doymur. Bütün bu maraqların,aclıqların zirvəsində həqiqətə yönəlmiş maraq,ona duyulan aclıq durur. Sonuncu primatımız tələb edir - həqiqəti, doğrunu, “nə düzgündür’’ü.                                                    

Fəlsəfə “Bazarı” Və bu tələblər cavabsız qalmır. Çünki xoşbəxtlikdən ətrafda təkliflər də var, həm də yetərincə. Tələblə təklif bu dəfə başqa ünvanda qovuşur. Fəlsəfə “bazar”ına xoş gəlmişsiniz!

Bu bazara ilk ayaq basan biri həddən ziyadə bir-birinə əks olan,toqquşan təkliflərlə qarşılaşacaq. Birinci səfər çox hallarda yanlış seçimlər edilir. Və bu yanılmalar əksəriyyətdə bənzər,oxşar olur. “Nəhəng təsadüf mü?” .  Məncə, xeyr. Doğru olmayan, dünyanı düzgün anlatmayan baxışlar üçün bütün dayaz təfəkkürlər qəbuldur. Hətta bəzən “dünyanı düzgün anlatmaq” iddiasında olmayan düşüncələrə də “vurulmaq” olur. Bu, böyük ölçüdə dəbdə olan görüşlər olur ki, ilk dəfə həqiqət “yanğısı” duyan şəxs bu barədə aldanır, yanlış yola sapır.  

Lakin ikinci xoş xəbər! Fəlsəfə bazarının qapıları üzərindəki “Açıqdır”yazısı daim oxucuya baxır. Gecə-gündüz, yay-qış fərq etmədən. 7/24/365. Fərd həyatını bitirənə qədər. Fəlsəfə də də “tövbələr” qəbul edilir.  

TƏKRARƏN; Fəlsəfə dünyanı anlamaq üçün yeganə yoldur.

Önümüzdə qalaq-qalaq fəlsəfi cərəyanlar, kökü bu görüşlərə uzanan ideologiyalar var. Bütün bunlar hərəsi dünyanı fərqli üsullarla bəzən oxşar, bəzən zidd şərh edir. Amma əsas və vacib,lazımi olan problem bu deyil.  

“Filosoflar dünyanı fərqli şəkillərdə yorumlamışlar;hərçənd əsas məsələ onu dəyişdirmək idi.”  Daha mütləq olan budur! Ancaq Marksın bu fikrinə qarşı çıxan fəlsəfi cərəyan da var. (Ki, belə də olmalıdır) Müvafiq fikrə arxa çıxanlar,dünyanın heç vaxt amma heç vaxt dəyişdirilə bilinməyəcəyi qənaətindədirlər. Onlar, iddia edirlər ki, bu anlamda dünya həmişəlik “bakirə” qalacaq. Ətraf-aləmi bu qədər “iffətli” sayan bu düşüncə tərzi fəlsəfənin əsas qollarından hesab edilən Metafizikadır.                                                  

Bazardakı  Metafizika.
Metafizika kosmologiyanın yerini astrologiya ilə zəbt edir, bu mənada o, elm üçün gerçək təhlükədir. Konkret olaraq ən yuxarıda qeyd olunanın əksinə, ümuminin bir anını qoparmaqla yanılğıya düşür, qanunauyğunluqları heçə sayır. Və həmçinin ən əhəmiyyətlisi o, maddə-düşüncə “münasibətlərində” sıralamada səhv yerləşdirmə etməklə maksimum dəyərsizdir. Onu daha da parçalasaq, “bər-bəzəkli” sözlərdən arındırsaq bu zaman Metafizikanı belə bir cilddə görə bilərik. Ki,o, konkret olaraq iddia edəcək: “Dünya anlaşılmayacağına görə o,düzgün formada dəyişdirilə bilməz. Ümumiyyətlə o, “hərəkət etmir”. Buna istinadən,sizin dəyişiklik üçün atdığınız hər addım səmərəsiz qalacaq. Dəyişən heç nə yoxdur;ən yaxşı halda bu, zahiri xarakter daşıya bilər.  Əzilən, əzən də yoxdur;sadəcə insan var. Keçici olan bu həyatda sizə təbəqələşmə kimi görünən şey labüddür, çünki,xalqa “yolgöstərən” hər şeydən daha çox lazımdır. Buna görə yaşasın məmurlar, bürökratlar, elitist və aristokrat kasta!” Göründüyü kimi belə bir görüş hazırda içində olduğumuz dünyanı 2-ci plana atır. Fəqət təəssüf ki, bu düşüncə tərzi xalq arasında hakim durumdadır. Və o, haradasa “yoluxucu”dur. Cəmiyyətdə “xroniki” xarakter daşıyır. Metafizikanın hər irəliləyişi onun əksinə-materializmə vurulmuş bir zərbədir. Yaxud tərsinə…                                                    

Metafizikanın 2 ciddi yalanı.
Metafizika yalançıdır və onun qarşı çıxdığı 2 əsas mövzudan birincisi -”həmrək proseslər” Bir şey ona ən yaxın olanla sıx əlaqəlidir. O da uyğun olaraq digərinə. Və bu da öz növbəsində başqasına. Bu proseslər haradasa spiralvari formada davam edir, və kənardan baxdıqda  bizə təqribi öz quyruğunu gəmirən ilan simvolunu xatırlada bilər. Dünya belə,belə bir ardıcıllıqla işləyir. Buna görə də məlum cərəyan yanılğı içərisolsa idi.  Varlıqlar bir-birinə təsir göstərir. Doza fərqli olsa da,haradasa deyə bilməsək də ki, bu barədə təsir əks təsirə eynilə bərabərdir,ancaq proseslər həmrəkdir.  Məsələn; bütün siyasi rənglərdən arındığı sanılan incəsənət,idman belə siyasətdən,onun nəticələrindən kənar deyil, bunlarla sıx bağlıdır. Əksi də həmçinin,doğrudur.  Habelə, bununla yanaşı nə qədər ziddiyətli və ironik görünsə də Metafizikanın bir digər yanılğısı REAL olaraq varlığını rədd etdiyi, bununla yanaşı üstüörtülü formada da dəstəklədiyi təbəqələşmədir, təbəqələrdir. (yaxud siniflər) 2-ci problem heç çəkinmədən deyə bilərik ki, uzun,çox uzun zamandır var. Hətta Karl Marksa görə tarixdə mövcud olan bütün quruluşları( quldarlıq,feodalizm və s. ) şəkilləndirən dövrün mövcud sinifləri və onların spesfik mübarizəsi idi.  Dövrümüz də elə özündən əvvəlki dövrlərdən izolyasiya olunmayıb. Hal - hazırda da bu problem mövcuddur və cari formasiyanın(terminologiyaya əsasən kapitalizm)da sinif ayrımı özünə xas nədənlərdən yaranır. Söhbət maddi güc fərqindən yaxud da ümumi olaraq - iqtisadi faktordan - gedir.  Bəs bu faktor necə təsir edir,özünü necə (siniflərdən savayı) və harada, hansı formalarda göstərir?  Yuxarıda,Metafizikanın 2 yanılğısı (proseslərin əlaqəli olması və təbəqənin müasir nədəni iqtisadi fərq) olaraq göstərdiyimiz məsələləri calasaq hər gün şahidi olduğumuz və özünün doğruluğunu bu yolla sübut edən hadisə(yaxud hadisələrlə) ilə qarşılaşa bilərik. (Bu, dialektik materializmin doğruluğunun sadəcə kiçik bir örnəyidir. ) Sualın cavabı olaraq iqtisadi fərq özünü hər yerdə, istənilən formada göstərə bilir və göstərir də. İnsani münasibətlər fonunda da buna nəzər salsaq kifayət edər və məsələ hər tərəfli aydın olar.  Yəni, insan münasibətləri də hal-hazırda MƏCBURİ olaraq içində iqtisadi münasibətləri barındırı. Ailə daxilində də vəziyyət fərqli deyil. (Maddi gücün, mülahizənin ailə daxilində atanın əlində olması bir sıra faciəvi sonluqlar doğurur). Fərdin özünə olan münasibəti də həmçinin. Sonuncu Marksın, Çexovun yazılarında yetərincə öz əksini tapıb. Və onlar bunu “yadlaşma” adlandırıblar.                            

Yadlaşmanın katalizatoru- ? Onun əlavə təsiri.  
Hər zərrəsinə qədər cəmiyyətdə hiss etdiyimiz bu problem mövcud formasiyanın mütləq inikasıdır. Az-çox qaçınılmazdır. Yadlaşmanın özünü necə göstərdiyinə dair bir çox misal və örnək vermək olar. Yazını yersiz uzunçuluğa aparmamaq üçün 1 misal kifayətdir. Günümüz insanı “ağına - bozuna” baxmadan,dayanmadan istehlak edir. Demək olar mı ki, bütün bunlar ona gərəklidir,yaxud həyati əhəmiyyət kəsb edir. Əlbəttə ki,xeyr. Ona indi istehlak etdiklərinin zövq verməsi nəinki lazım və maraqlı deyil, o hətta artıq bunu Ağlından belə keçirmir. Normal bir fərdə də bu xüsusiyyət cəmiyyətdən “yoluxur”. Zatən insan ictiami varlıqdır, ətraf mühit omun düşüncələrinə dərin təsir göstərir. O,bu barədə muxtariyyət qazanmayıb,hələ , qazanmayacaq da. Haşiyəyə çıxsaq da sadəcə Henri Toro kimi 6 ay meşədə yaşayıb,ardından geri dönərsən. Həmçinin cəmiyyətdə insana ciddi anlamda zərər vuran, təkcə bununla kifayətlənməyib onu özünə maksimum yadlaşdıracaq başqa bir qavram da var. Ki,bu insanı yadlaşmanın zirvəsinə qaldırır. Onu, vitrinə qoyub satır, əmtəəyə çevirir. Əmtəə , əşya insan. Davamı olaraq da əşya qədər ruhsuz fərd,xülasə - ÖLÜ CƏMİYYƏT.  Söhbət rəqabətdən gedir.  RƏQABƏT - bu, liberalizmin bir növ “bəsmələsi” və müqəddiməsi,habelə liberalların sevimli sözcüyüdür.  AZAD RƏQABƏT - bu isə tamam ayrı bir qavramdır. Və uyğun şəxsləri həzzin zirvəsinə, haradasa “ideoloji orqazma” qədər aparıb çıxarır.  Günümüzdə təbəqələr üzərindən getsək rəqabət özünü də burada, hər cəbhədə fərqli formada göstərir.  İşçilər arasında rəqabət “özünü,iş qüvvəni daha ucuza sat” formasında əks olunur.1 para çörəyi daha ucuza çalışmağa razı olan, özünü minimuma satan əldə edəcək. Belə olduqda isə sonda təbii olaraq, yaşam standartının minimumun altına keçməsi qaçılmazıdr,artıq ibtidai insani ehtiyaclar da əlçatmaz olacaq. Bu hamısı rəqabətin vurduğu “kiçik”zərərdir. Nəticə yalnız bununla bitmir. Cəmiyyətin inkişafı üçün də nəticələr daha aşağı olacaq. Nümunə nə qədər kobud olsa da… İşçi ailəsində potensial bəstəkar,rəssam varsa onun sonu necə olacaq? Proqnoz vermək üçün uzun düşünmək gərəksizdir. Onun gələcəkdə öz sərgisində əsərlərinə tamaşa edəcəyini gözləmək həddən artıq utopik olardı. Aşağı yaşam standartı mövcud istedadı da tapdayıb əridəcək. O, hər gün öləcək. İstedad belə bir durumda özünü heç cür biruzə verə, “mən burdayam” deyə bağıra bilməz. Bu potensial gələcəkdə tozun palçığın içində, aşağı yaşam standartlarında,13 məcburi iş saatının hər saniyəsində aram-aram məhv olacaq. Sadəcə o,ən yaxşı halda uzun zaman sonra iş fasiləsində, 1 fincan tozlu çayla “ədviyyələnmiş” və yəqinliklə xatırlanacaq uşaqlıq xatirəsi ola bilər. İllər sonra qarşımızda əlləri qabar bağlamış, dərisi gündən yanmış, “üzünün ütüsü” vaxtından əvvəl pozulmuş biri dayanacaq. Real olan budur! Və bu həyatdır. (Həyatdan daha fantastik nəsə tanımıram - V.Hüqo)                                    

Siniflər,”iblis” formasiya və “Allahlar”
Tarix faktlarla danışır. Hərçənd bəzi hallarda müvafiq faktlar təhrif oluna, dəyişdirilə, restavrasiya adıyla bəzi tarixi əsərlər köklü surətdə məqsədli olaraq başqalaşdırıla və oxucuya bu cür təqdim oluna bilər. Lakin bütün bunlara baxmayaraq tarix səhifələrində yerini tutmuş elə məqamlar var ki, onlar yalnız bir cür anlaşılmalıdır, yozlaşdırmaya cəhd bu barədə yersiz və uğursuz alınar “Bəşərin uşaqlığı”- Engels ilk ictimai əlaqələrə belə bir bənzətmə etmişdi.O vaxtdan indiyə çox şey dəyişib. Ən əsası bəşər  artıq “uşaq” deyil. O, indi yetkinlik yolundadır. Nə qədər çətin,qanlı olsa da bu baş verəcək, o zaman insanlıq körpətək “mənçi” yox, əsl yetkin kimi “ictimaiyyətçi” olacaq.  İbtidai icma quruluşu, quldarlıq, feodalizm. Bunların hər biri qədim, “istifadə müddəti bitmiş” köhhə quruluşlardır. Və hər birinin özünə spesifik ziddiyətləri, xarakteristikaları olmuşdur. Daha aydın olaraq;ibtidai icma quruluşunun təməl daşı, sütunu qəbilə idi.(Ki,Engels özü qəbiləni “ibtidai humanist dəyərlərindən” dolayı ağız dolusu tərifləmişdi) İkinci olaraq quldarlıq - bu dövr faktiki olaraq fərdlərin alınıb satılmasıyla xarakterizə olunur. Kölə ağasına hər mənada bağlıdır, həyatı yoxdur, “ölü canlıdır”. O, kleopatranın sinəsinə iynə batıraraq həzz aldığı zövq alətidir, fironları çiynində daşıyan, piramidalara qanı bulaşan kölədir. Bu quruluş isə öz növbəsində yerini bir sonrakına -feodalizmə- buraxdı. Torpaq feodalındır, ləvazimatlar da həmçinin. Kəndli sadəcə həmən torpaqda əkib becərdiyi məhsulun müəyyən olunmuş, çox az hissəsinə sahibdir. Və hələlik sonuncu, terminologiyaya əsasən - kapitalizm.   İçində olduğumuz formasiya isə hələ geridə qoyduğumuz,”ziddiyətlər yüzilliyi”adlanan əsrdən öncə “filiz” formasında inkişafa başlamışdı. Və kapitalizmin də özünün spesifikaları, xüsusiyyətləri yetərincədir. Burada da iki ayrı təbəqə, sinif mövcuddur. Necə ki, qeyd edildiyi kimi bu,quldarlıqda; kölə - ağa, feodalizmdə; kəndli - feodal, idisə hal-hazırda; burjua-işçi.  Cari formasiya haqda kifayət qədər danışıldı, onun zərərləri, labüd nəticələri və s. Ancaq təkrar qətiyyən zərərli deyil. Yenələməkdə fayda var .  Kapitalizm əzir, tapdayır, istismar edir(bu ictimai,coğrafi xarakter də daşıya bilər), millətlər arasına günü-gündən nifrət və kin toxumları səpələyir. Onun qanı petrol,, vicdanı dollardır. Əxlaqı-əxlaqsızlıq, doğrusu-yalandır. Bu özəlliklərlə o, nə qədər də teologiyadakı iblislərlə bənzərdir.  Ancaq bu iblis ölümsüz deyil. Dünyanın bir Tanrısı var. Nəzərdə tutduğum teizmin hər gün kilsədə, sinaqoqlarda ibadət edilən, varlığı mübahisəli olan allahı deyil.  Burada qeyd edilən yaradıcı gücünün faktiki nəticələri gözlə görünən, bizi hər tərəfən “mühasirəyə alan”, qətiyyən yararsız olmayan, bununla paralel əzilən, yaddan çıxıb unudulan, ətrafında minlərlə insanın dövr etmədiyi evi - uçuq - sökük daxmaları- olan işçilərdir,zəhmətkeşlərdir.  Onların yaradıcı güclərinin nəticəsi - uca göydələnlər, parklar,  özlərinə qəsd edən- avtomobillər-, üzərinizdəki geyimlər,  qısa xülasə, ətrafınızda gördüyünüz hər şeydir.  Bu planet onların dərgahıdır. Və hələlik hər şeyi onların əlindən alan iblisi,onun nəticələrini də burdan elə onların özü qovacaq. Belə olduqda bu hadisə, artıq dini kitablarda deyil, real fakt kimi tarix səhifələrində öz yerini tapacaq.  Bir çox məsələyə, onların nəticələrinə ötəri formada da olsa toxunduq. Ki, bunlar səthi xarakter daşıyırdı. Və son olaraq... Yazıya Engelsin fikri ilə başlamışdıq, bu fikir üzərində də mətni inşa etdik. Elə ondan sitat gətirməklə yazını  yekunlaşdıraq, belə olan halda, nə qədər “romantik” səslənsə də sırf bu uzun yazıya dair bir növ ona olan vəfa borcumuzu da ödəmiş olarıq.  “Nə xoş o adamlara ki, digər dünya onlara vəd edilib; amma gec ya tez bu dünya da onların olacaq”

MÜƏLLİF: Toğrul Qaralı

Meridian.azскачать dle 12.1

MARAQLI OLA BİLƏR