Sabiq bələdiyyə sədri icra başçısını müxalifətlə əlbir olmaqda ittiham edir: “5000 manat alıb…”

  • 53
  • /
  • 6-09-2018, 00:06


Göyçay rayonu, Qarayazı kənd sakini Əliyev Pünhan İxtiyar oğlu rayonun içra başçısından şikayətçidir. PressClub.Az-a danışan kənd sakini, Yeni Azərbaycan Partiyası yaradılandan üzvü olan Pünhan Əliyev deyir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin özbaşnalıqları bitmir.

Şikayətçinin sözlərinə görə dövlətinə sadiq qalan bir şəxs olsa da, icra başçısı onu dövlətdən narazı salıb, müxalif etmək həddinə çatdırıb: “Mehdi Səlimzadə ailəsində üç nəfər generalın olmasını bildirərək, Göyçay əhalisini qorxu içində yaşadır. Rayonu “Burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə idarə edir. Rayonun Qaraməryəm və Qarayazı kəndləri ərazisindən keçən su borularını, eləcə də Yeniarx kəndi ərazisindən keçən və istismarı müvvəqəti dayandırılmış qaz borularını çıxardaraq, köməkçisi Vahid İsayevin vasitəsi ilə satdırıb. Eləcə də, Göyçay şəhəri Əli Kərim adına parkı təmir etdirmək adı ilə rayonda fəaliyyət göstərən sahibkarlardan külli miqdarda pul yığdırıb, ictimaiyyətə isə rayonun daxili imkanları hesabına təmir bərpa işlərinin aparılmasına dair hesabat verib. M.Səlimzadənin əlindən bir neçə şəxslər sahibkarlıq fəaliyyətini dayandırıblar”.

Şikayətçi vurğulayır ki, Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə 27.01.2018-ci il tarixdə iqtidara müxalif olan Göyçay rayon Qaraməryəm bələdiyyəsinin sədri Fəqan Şamilovun tutduğu vəzifədən azad olunmasından ötrü qərar qəbul etmək üçün bələdiyyə üzvlərinə göstəriş vermiş, elə həmin tarixdən sonuncu bələdiyyə sədrliyindən azad edilib:

“Bələdiyyə üzvlərinin qərarı ilə həmin vəzifəyə 1991-ci ildən YAP-ın üzvü olan, daima dövlətinə, prezidentinə sadiq olmuş bir şəxs kimi məni seçiblər. Sevindim ki, haqq-ədalət öz yerini tutdu. Lakin sevincim çox çəkmədi. Demə Mehdi Səlimzadənin məkirli niyyətləri varmış. Belə ki, M.Səlimzadə Fəqan Şamilovun atası Şöhrət Şamilovun Ölkə Prezidentinə qarşı müxalifət mitinqlərində böhtan dolu çıxışlar söylədiyinə görə aldığı pullarda gözü varmış. M.Səlimzadə köməkçisi Vahid İsayevin vasitəsi ilə 5000 manat alıb bələdiyyə üzvlərinə tapşırıq verərək, Fəqan Şamilovu yenidən vəzifəyə qaytarıb. Halbuki, Fəqan Şamilov Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum həyatı yaşamışdır. Fəqan Şamilov Əli Kərimli, İsa Qəmbər kimi şəxslərdən dəstək alıb, Mehdi Səlimzadəyə pul verərək vəzifəyə qayıtması, rayon sakinlərinin qəzəbinə səbəb olmuşdu. Mənim də candan çox istədiyim Prezidentim var, yəqin ki, üzdə özünü iqtidara xidmət edən bir məmur kimi göstərib, daxildə müxalifətə işləyən M.Səlimzadəyə imkan vermərsiz ki, mənim hüquqlarımı tapdalasın. Onu da nəzərinizə çatdırım ki, M.Səlimzadə Fəqan Şamilovu onu və ailə üzvlərini küçə söyüşləri ilə söydüyünə görə 10 gün müddətinə həbs etdirmişdir. Baxın şəxsiyyətini təhqir edən bələdiyyə sədrini 5000 manat alıb vəzifəyə qaytaran, sabah dövlətini 5 manata satar. Bütün yuxarıda göstərdiklərim buna bariz nümunədir. Həmçinin son dövrlərdə rayonumuza, eləcə də ölkəmizə qara ləkə olan Vidadi İsgəndərlinin ölkə prezidenti İlham Əliyev cənablarının ünvanına böhtan dolu müraciətlər etməsini rayon əhalisi, təbbi ki, Vidadi sevərlər istisna olmaqla çox pis qarşılayırlar və buna görə bacardıqları tərzdə etirazlarını bildirirlər”.
P.Əliyev vurğulayıb ki, M.Səlimzadənin bələdiyyə sədri təyin etdiyi Fəqan Şamilovun atası Şöhrət Şamilov Vidadi İsgəndərlinin fikirlərini açıq-aşkar dəstəklədiyini, onun fikirlərini rayon ərazisində təbliğ etməklə, sosial şəbəkələrdə ona dəstək olduğunu bildirməkdən çəkinmir:

“M.Səlimzadəyə etirazını bildirən şəxslərə özü ilə gətirdiyi qohum-əqrabaları bildirir ki, Siz bilmirsiz Mehdi müəllim kimlə qohumdu? Cənab Prezidentin bibisi ilə. M.Səlimzadənin bu kimi dövlətçiliyə kölgə salan hərəkətləri barədə növbəti müraciətimdə daha geniş məlumatlar verəcəm. Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, M.Səlimzadənin qanunsuzluqlarına göz yumulmasın”. //PressClub.Az//скачать dle 12.1

MARAQLI OLA BİLƏR